Dünya

London–Vaşinqton münasibətlərində 20 ildən sonra bir ilk: III Çarlz diplomatik missiya ilə ABŞ-a gedir

ABŞ–İsrail–İran gərginliyi və Hörmüz boğazı ətrafındakı böhran fonunda London–Vaşinqton münasibətləri kəskin şəkildə pisləşdiyi bir vaxtda Böyük Britaniya kralı III Çarlz diplomatik prosesə qoşulub. Bukinqem sarayı kralın və Kraliça Kamillanın aprelin sonlarında ABŞ-a rəsmi səfər edəcəyini açıqlayıb. Bu səfər 2007-ci ildən bəri Britaniya monarxı tərəfindən ABŞ-a edilən ilk dövlət səfəri olacaq və iki ölkə münasibətləri baxımından mühüm mərhələ kimi qiymətləndirilir.

Onlayn.media türk mediasında istinadən xəbər verir ki, səfər çərçivəsində kralın Ağ Evdə təşkil olunacaq rəsmi qəbulda iştirak edəcəyi və ABŞ Konqresində çıxış edəcəyi gözlənilir. Bu səfərin ABŞ-da Müstəqillik Bəyannaməsinin imzalanmasının 250 illiyi ilə eyni vaxta təsadüf etməsi, onun həm tarixi əlaqələri, həm də müasir münasibətləri vurğulamaq məqsədi daşıdığını göstərir. Kralın səfərdən sonra Bermudaya da gedəcəyi bildirilir.

Bununla yanaşı, ABŞ Prezidenti Donald Trampın Böyük Britaniyanın baş naziri Kir Starmeri sərt tənqid etməsi və Hörmüz boğazı ilə bağlı çağırışları iki ölkə arasında gərginliyi daha da artırıb. Tramp Böyük Britaniyanı daha fəal mövqe tutmağa çağıraraq, Vaşinqtonla fikir ayrılıqlarını açıq şəkildə ifadə edib.

Siyasi müşahidəçilər hesab edir ki, kralın səfəri Britaniyanın “yumşaq güc” vasitəsilə ABŞ-la münasibətləri normallaşdırmaq cəhdidir. Lakin bu addım ölkə daxilində birmənalı qarşılanmayıb: sorğulara görə, əhalinin təxminən yarısı səfərə qarşıdır. Eyni zamanda, səfər fonunda kral ailəsi ilə bağlı əvvəlki qalmaqalların yenidən gündəmə gəlməsi də müzakirələri gücləndirib.

Səkinə Yusifova/Onlayn.media

Əlaqəli məqalələr

Bir yanıt yazın

Başa dön tuşu