Dubaydan qayıda bilməyən aktyor Elcan Rəsulovdan SƏRT AÇIQLAMA – “AZAL ümumiyyətlə sərnişinlərlə maraqlanmır”

“AZAL ümumiyyətlə sərnişinlərlə maraqlanmır. Bir kəlmə mesaj göndərdi ki, uçuş ləğv olundu. Bununla da işini bitmiş saydı. Başqa demirlər, dönüş biletiniz var, hansı tarixdə uçuş olacaq və sair. Konsulluq isə yalnız bir mesaj yazır, vəssalam. Otellər insanları çıxardır. Bəziləri dava ilə oteldə yer götürüb qalır. Amma eləsi də var ki, parkda yatır. Başqa ölkələr vətəndaşları üçün təxliyyə reysləri edir. Hamı cibində pulla gəlməyib. Gətirdiyi pul bitib. Başqa şirkət uçuşlar gerçəkləşdirir, pulu olan ora bilet alır”.
Onlayn.media Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktyor Elcan Rəsulov sosial şəbəkədə yayımladığı videoda deyib. İranın raket hücumlarına görə Dubaydan qayıda bilməyən aktyor AZAL hava yollarının uçuşları ləğv etdiyini, amma sərnişinlərə heç bir məlumat vermədiyini bildirib.
Elcan ötən gün başqa bir şirkətin hava yoluna bilet alıb Bakıya qayıtdığını bildirib:
“Bu təyyarə məni Bakıya gətirir. “FlyDubai”a məxsus reys. 5 saatdan artıq uçuş, özü də yüksək səviyyədə. Dubaydan çıxmaq istəyənlərin son ümid yeri olan təyyarə. Çünki daha çox başqa millətlər tranzit məqsədlə istifadə edirlər. Bakıya düşüb telefonu açan kimi gördüm ki, reklamda bloger qızlar AZAL-ın bahar kampaniyasını reklam edirlər (gülür). Yadıma düşdü ki, sabah gedim ləğv olunan biletin pulunu istəyim, alan kimi bahar kampaniyasından “yararlanaq”.



